BAKI, 22 may. TELEQRAF
"Xorvatiya minatəmizləmə prosesini yalnız bu il — müharibədən 31 il sonra başa çatdıra bildi. Üstəlik, Xorvatiya Azərbaycan qədər sıx minalanmamışdı. Bu, prosesin nə qədər uzun çəkdiyini göstərir, lakin bu iş mütləq görülməlidir və Aİ bu yolda kömək etməyə hazırdır".
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.
O, Azərbaycanın bu sahədəki böyük səylərini yüksək qiymətləndirib. Aİ rəsmisi, iki il əvvəl qəbul edilmiş "Avropa Komandası" (Team Europe) yanaşması çərçivəsində təkcə Aİ fondlarının deyil, həmçinin üzv dövlətlərin və Avropa maliyyə institutlarının da vəsaitlərinin Azərbaycanın minatəmizləmə fəaliyyətinə yönəldiyini diqqətə çatdırıb.