BAKI, 22 may. TELEQRAF

Minatəmizləmə məsələsi münaqişədən sonrakı bərpa prosesinin ən vacib mövzularından biridir. Qarabağ və Şərqi Zəngəzurda bütün yenidənqurma prosesi plana uyğun şəkildə həyata keçirilirdi.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov​ WUF13 çərçivəsində təşkil olunan "Münaqişədən sonrakı şəhər bərpası: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu, böyük tədqiqat proqramlarında və bütün aidiyyəti sənədlərdə müəyyən edilmiş əsas sınaq idi ki, istənilən infrastrukturun və yaşayış məntəqələrinin tikintisi plan üzrə, şəhərsalma norma və standartlarına uyğun aparılmalıdır:

"Lakin işlərin və tikintinin planlaşdırılması üçün təhlükəsizlik, əlbəttə ki, bir nömrəli məsələdir. Məhz buna görə bütün sistem belə qurulub ki, ərazi əvvəlcə təhlükəsiz olsun və yalnız təhlükəsizlik təmin edildikdən sonra işə başlanılsın. Bu, asan deyil. Həftə ərzində müxtəlif panellərdə və sessiyalarda koordinasiyanın nə qədər vacib olduğunu müzakirə etdik.

Xüsusilə şəhərsalma və mina təmizləmə fəaliyyətlərinin koordinasiyası ən vacib məsələdir. Çünki atılan hər növbəti addım üçün ərazinin minalardan təmizləndiyinə əmin olmalıyıq".