BAKI, 22 may. TELEQRAF

Minalardan təmizləmə prosesi ölkədə həyata keçirilən "Böyük Qayıdış" Dövlət Proqramının əsas sütununu təşkil edir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Münaqişədən sonrakı şəhər bərpası: Hümanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda azad edilmiş 8 şəhər və 33 kənddə paralel olaraq həm təmizləmə, həm də bərpa-tikinti işləri aparılır:

"Artıq 35 mindən çox keçmiş məcburi köçkün öz doğma yurduna təhlükəsiz şəkildə geri dönüb. Ümumilikdə, 2020-ci ildən bəri Azərbaycan hökuməti azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 15 milyard ABŞ dollarına yaxın vəsait ayırıb".