BAKI, 21 may. TELEQRAF
Hazırda əlavə olaraq ictimai nəqliyyat növlərini daha yaxşı inteqrasiya etmək üçün yeni tarif sistemi üzərində işləyirik. Bununla yanaşı, avtobuslar üçün yeni maliyyələşdirmə və müqavilə sistemi də hazırlanır.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Strateji Planlaşdırma Şöbəsinin rəhbəri Hüseyn Abdullayev WUF13 çərçivəsində keçirilən “Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma” adlı tədbirdə çıxışında deyib.
O bildirib ki, əvvəllər avtobus operatorları əsasən yalnız bilet gəlirlərinə (farebox revenue) əsaslanaraq fəaliyyət göstərirdilər:
“Hazırda isə biz avtobuslar üçün “gross-cost contracting” (ümumi xərc əsasında müqavilələşmə) modelinin hazırlanmasının son mərhələsindəyik. Bu model bizə yeni tarif sistemini qurmağa və müxtəlif ictimai nəqliyyat növlərini vahid sistemdə daha yaxşı inteqrasiya etməyə imkan verəcək.
Məsələn, qeyd etdiyim feeder bus (qidalandırıcı avtobus) marşrutları uzaq və aşağı sıxlıqlı əraziləri bu nəqliyyat qovşaqlarına bağlayacaq. Bunun əsas imkanverici mexanizmlərindən biri də məhz “gross-cost contracting” modelidir. Çünki hazırkı sistemdə belə xidmətlərin göstərilməsi operatorlar üçün maliyyə baxımından sərfəli deyil”.