BAKI, 21 may. TELEQRAF

İndoneziyada kollektiv fəaliyyəti dayanıqlı inkişafa və iqlim siyasətinə yönəltməyə çalışırıq, əməkdaşlığı dəstəkləyirik.

Teleqraf xəbər verir ki, bunu İndoneziya Respublikasının İctimai İşlər Nazirliyindən nazir müavini Xanım Diana Kusumastuti Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "DİM-lər üçün boşluğun aradan qaldırılması: Fəaliyyətdə şəhərlərin yerli iqlim həllərini sürətləndirməsi" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, İndoneziyada inklüziv və davamlı iqtisadiyyatın yaradılması əsas prioritetlərdən biridir.

"İndoneziya indiyə kimi olan fəaliyyətlərdən 3 əsas dərs alıb. Bunlardan biri çoxşaxəli əməkdaşlıqdır, bu çox vacibdir. Monitorinqlərin aparılması çox vacibdir. Düzgün monitorinqlər olmadan nəticə əldə etmək mümkün deyil. Həmçinin ölkələrarası əməkdaşlıq da vacibdir. Bu baxımdan şəhərlərin birləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Şəhərlər ayrı-ayrı fəaliyyət göstərəndə çox nailiyyət əldə edə bilmirlər. Amma birlikdə olduqda qarşılarına qoyduqları məqsədə daha qısa zamanda çata bilərlər. Deyilənlər sadəcə konsepsiya kimi qalmalı deyil, icra edilməlidir. Biz iqlim dəyişikliyi sahəsində üzərimizə düşəni etməyə hazırıq", - o vurğulayıb.