BAKI, 20 may. TELEQRAF

​“Yerli orqanların qarşısında yüzlərlə həllini gözləyən problem durur, lakin bunları icra etmək üçün maliyyə və resurs balansı düzgün qurulmalıdır".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Yerli Hökumətlər (UCLG) Təşkilatının Baş katibinin köməkçisi Pablo Fernandes Marmisolye WUF13 çərçivəsində təşkil olunan “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” adlı yüksək səviyyəli paneldə çıxışı zamanı deyib.

"Digər tərəfdən, biz tam əminik ki, xidmətlərə və şəhər imkanlarına çıxış hüquq müstəvisində təmin edilməlidir. Bu məsələ hər zaman bələdiyyə rəhbərlərinin birbaşa səlahiyyətlərinə daxil olmasa da, biz ilk növbədə məcburi yerdəyişmələrin qarşısını almalı və insanların mobilliyini asanlaşdırmalıyıq. Çünki köçkünlüyün qarşısının əvvəlcədən alınması hazırda ən mühüm ictimai maraq kəsb edən mövzulardan biridir”.

​P.Marmisolye çıxışının sonunda UCLG olaraq qlobal paktı və şəhərlərarası əməkdaşlığı tam dəstəklədiklərini bəyan edib. O, miqrasiya haqqındakı mənfi narrativləri dəyişdirməyin vaxtı çatdığını bildirərək, "İnsan amili və miqrasiya bizim problemimiz deyil, inkişaf və daha demokratik idarəetmə üçün ən mühüm tərəfdaşımızdır", - deyə vurğulayıb.