BAKI, 20 may. TELEQRAF

Nəfəs aldığımız havanın keyfiyyəti şəhərsalmada ikinci dərəcəli məsələ deyil. Bu, həm qərar qəbul edənlərin, həm də vətəndaşların bu məsələyə nə qədər ciddi yanaşdığının göstəricisidir.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı rəhbəri Anna Soave WUF13 çərçivəsində keçirilən “Yeni Şəhər Gündəliyinə Həyat Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun İnteqrasiyası” adlı tədbirdə çıxışında deyib.

“Şəhərlərdəki təhlükələr haqqında düşünəndə çox vaxt gözlə görünən problemləri xatırlayırıq: nəqliyyat sıxlığı, cinayət, daşqınlar, zəlzələlər, yanğınlar, köhnəlmiş infrastruktur. Halbuki bir çox şəhər ərazilərində ən geniş yayılmış təhlükə əslində görünməzdir.

“State of Global Air 2024” hesabatının ən son geniş qlobal qiymətləndirməsinə görə, hava çirklənməsi dünyada ölümə səbəb olan ikinci əsas risk faktorudur. Bu, xüsusilə ağciyərləri hələ tam inkişaf etməmiş 5 yaşdan kiçik uşaqlar üçün ciddi təhlükə yaradır.

ÜST-ün məlumatına əsasən, açıq və qapalı məkanlardakı hava çirklənməsi hər il təxminən 7 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur və bu ölümlərin 89 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Bu, olduqca sarsıdıcı rəqəmlərdir və bu sahədə nələrsə etmək mümkündür”, - deyə o bildirib.

O əlavə edib ki, bu göstəricilər malyariya, vərəm və HİV/QİÇS-in birlikdə yaratdığı ölüm sayını da üstələyir:

“UNICEF xəbərdarlıq edir ki, hər gün təxminən 2 min azyaşlı uşaq hava çirklənməsi səbəbindən həyatını itirir – bu, dünyada dəqiqədə birdən çox uşaq deməkdir.

Yaşlı insanlar da ciddi tənəffüs və ürək-damar xəstəlikləri riski ilə üz-üzədir. Aşağı gəlirli məhəllələrdə, sıx nəqliyyat yollarının, sənaye zonalarının və ya insanların sağlamlığı nəzərə alınmadan qurulmuş istilik sistemlərinin yaxınlığında yaşayan ailələr xüsusilə risk altındadır.

İctimai sağlamlıqdan əlavə, bunun digər ağır nəticələri də var. Hava çirklənməsi ekosistemlərə zərər vurur, kənd təsərrüfatında məhsuldarlığı azaldır və iqtisadi itkilər də olduqca böyükdür. Hər il açıq hava çirklənməsi səbəbindən qlobal miqyasda milyardlarla iş günü itirilir və bu rəqəmin 2060-cı ilə qədər 3,8 milyard itirilmiş günə çatacağı proqnozlaşdırılır.

Buna baxmayaraq, havanın keyfiyyəti çox vaxt ikinci dərəcəli məsələ kimi qəbul edilir, şəhərlər qurulduqdan və idarə olunduqdan sonra həll ediləcək problem kimi yanaşılır. Məhz dəyişməli olan da budur”.