BAKI, 20 may. TELEQRAF
Məlumatların düzgün idarə olunması şəhərsalma, infrastruktur planlaşdırılması və fəlakət risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, bir çox ölkələrdə məlumatlar müxtəlif qurumlar arasında parçalanmış vəziyyətdədir, rəqəmsallaşdırılmayıb və vahid sistem üzərindən idarə olunmur.
Sunniya Durrani-Camal vurğulayıb ki, peyk müşahidələri və coğrafi informasiya sistemləri vasitəsilə riskli əraziləri, qeyri-rəsmi yaşayış məntəqələrini və daşqın təhlükəsi olan zonaları müəyyənləşdirmək mümkündür:
“Düzgün məlumat bazası şəhərlərdə su təmizləyici qurğuların, kanalizasiya sistemlərinin və digər strateji infrastrukturun uyğun ərazilərdə yerləşdirilməsi üçün vacibdir”.
AİB rəsmisi əlavə edib ki, məlumat texnologiyalarından sığorta və fəlakətlərin maliyyələşdirilməsi mexanizmlərində də istifadə olunur.