BAKI, 20 may. TELEQRAF

"Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edir. Bu mükafat ilə Azərbaycan forum üçün yeni miras qoymuş olur".

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Bakı Şəhərsalma Mükafatı" tədbirində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax deyib.

O vurğulayıb ki, UN-Habitat Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa sadiqdir.

“Bu təşəbbüs təkcə mükafatlandırma prosesi deyil, həm də qlobal təcrübələrin paylaşılması və inkişaf etdirilməsi platformasıdır”.

Onun sözlərinə görə, UN-Habitat üçün mükafatların mühüm əhəmiyyəti var.

"Bu prosesdə tərəfdaşlarımız da iştirak edir və biz onlarla birlikdə mükafatların təqdim olunması istiqamətində güclü əməkdaşlıq qurmuşuq. Mükafatlar bizə yüksək səviyyəli kuratorlar, ekspertlər və vətəndaş cəmiyyəti ilə birgə işləmək imkanı yaradır”.

Qeyd edək ki, bu ildən etibarən Ümumidünya Şəhərsalma Forumu çərçivəsində ilk dəfə “Baku Urban Award” adlı yeni mükafat da təsis edilir. Gələcək Dünya Şəhərsalma forumları çərçivəsində həmin mükafatın təqdimetmə mərasimlərinin keçirilməsi nəzərdə tutulur.