BAKI, 20 may. TELEQRAF

Son illərdə şəhərlərdə, küçə və parklarda yaşıllıqların artdığını görürük, lakin təbiətə əsaslanan həllər ölkə daxilindəki məkan planlaşdırmamızın bir hissəsidir.

Teleqraf xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil edilən "Yeni Şəhər Gündəliyinə Həyat Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun İnteqrasiyası" tədbirində deyib.

O bildirib ki, 75 şəhərdən 90%-nin baş planı yenilənib, bu yanaşma onlarda tətbiq olunur.

"Mənzil təminatının necə yaradılması məsələsi insana yönələn inkişafdır. Bu zaman təmiz hava da nəzərə alınacaq. Havanın keyfiyyəti yaşıllıqlar, parklar və ictimai məkanlar vasitəsilə təmin ediləcək. Mobillik çox vacibdir. Yəni bütün bu elementlər bir araya gəlir. Hökumət, özəl sektor, vətəndaş cəmiyyətinin tərəfdaşlığı əhəmiyyət daşıyır. Gənclərin artıq ekoloji problemlərin qayğısına qalmağa başlaması, şəhərin necə inkişaf etdirilməli olduğu ilə maraqlanması real güc və inklüzivlikdir", - Gülşən Rzayeva vurğulayıb.