BAKI, 20 may. TELEQRAF
Bu gün biz qlobal liderləri və ekspertləri bir vacib məqsəd üçün bir araya gətirmişik: təmiz havanı şəhər gündəliyinin prioritetinə çevirmək üçün. Azərbaycan WUF13-ə ev sahibliyi edir və bu, daha sağlam şəhərlərin qurulması üçün praktiki addımlar atmaq baxımından bizə böyük imkan yaradır.
Teleqraf xəbər verir ki, bu barədə IDEA ictimai birliyinin sədri Leyla Əliyevanın WUF13 çərçivəsində keçirilən “Yeni Şəhər Gündəliyinə Həyat Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun İnteqrasiyası” adlı tədbirin iştirakçılarına müraciətində qeyd edilib.
Müraciəti IDEA İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov oxuyub.
Müraciətdə bildirilib ki, bu gün şəhərlər tarixdə heç olmadığı qədər sürətlə böyüyür:
“Şəhərlər genişləndikcə infrastruktur, nəqliyyat və ən əsası, ətraf mühit üzərində təzyiq artır. Havanın keyfiyyəti isə ən ciddi problemlərdən biri olaraq qalır. Hava çirklənməsi qlobal miqyasda ölümə səbəb olan ikinci əsas amildir. Bu, ürək xəstəliklərinə, tənəffüs yolları xəstəliklərinə və bir çox digər sağlamlıq problemlərinə yol açır. Hər il 5 yaşdan aşağı təxminən 700 min uşaq hava çirklənməsi səbəbindən həyatını itirir. Təmiz hava olmadan sağlam şəhər ola bilməz. Bu, xüsusilə uşaqlar başda olmaqla şəhər icmalarında məhsuldarlıq üçün də vacibdir.
Azərbaycan bu çağırışı anlayır və havanın keyfiyyətini şəhərsalmanın əsas hissəsinə çevirmək üçün addımlar atır. Hazırda Bakıda böyük transformasiyanın şahidi oluruq. Şəhər 2040-cı ilədək daha yaxşı ictimai nəqliyyat, yaşıl məkanlar və təmiz enerji vasitəsilə daha dayanıqlı olmağı hədəfləyir. Bütün bu təşəbbüslər müasir və dayanıqlı şəhər mühiti yaratmağa xidmət edir.
Havanın keyfiyyətində ciddi irəliləyiş əldə edən şəhərlərin nümunələri çoxdur. Lakin qlobal miqyasda real nəticə əldə etmək üçün beynəlxalq həmrəylik həyati əhəmiyyət daşıyır. Ümid edirəm ki, bugünkü forum havanın keyfiyyəti məsələsini WUF gündəliyinə daxil etməyə, daha güclü öhdəliklərə və çoxtərəfli əməkdaşlığa təkan verəcək”.
“IDEA kampaniyasında biz anlayırıq ki, iqlim fəaliyyəti daha dayanıqlı gələcəyə qoyulan uzunmüddətli sərmayədir. Hər layihə və hər maarifləndirmə kampaniyası daha sağlam və təhlükəsiz planetə doğru atılan addımdır. Biz layihələrimizə nikbinlik və yaradıcılıqla yanaşır, insanları təbiəti sevməyə və anlamağa ruhlandırırıq.
IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirklənməsi ilə bağlı məlumatlandırma kampaniyaları, sənədli filmlər və sərgilər kimi bir çox layihələr həyata keçirib. Biz şəhər mühitini yaxşılaşdırmaq, şəhərləri insanlar və təbiət üçün daha əlverişli etmək istiqamətində çalışırıq. IDEA həyətləri daha yaşıl və bütün nəsillər üçün əlçatan ictimai məkanlara çevirir, insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava ilə nəfəs almağa təşviq edir. Yaşayış məntəqələrində daha dayanıqlı məhəllələr yaratmaq üçün yaşıl baryerlər quraşdırılır. IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı da fəal şəkildə dəstəkləyir.
Biz həmçinin sahilboyu təmizlik kampaniyaları təşkil edərək plastik tullantıları toplayıb təkrar emala yönləndirmişik. İndiyədək 120 tondan çox tullantı toplanaraq utilizasiya olunub. Bu və digər təşəbbüslərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, eyni zamanda gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir.
Əziz dostlar, şəhər inkişafı yalnız infrastruktur və iqtisadiyyat demək deyil. Bu, insanlarla, onların sağlamlığı və rifahı ilə bağlıdır. İnsanlar sağlam olduqda, bir-birinə və təbiətə qarşı daha qayğıkeş olurlar. Təmiz havaya sərmayə qoymaq həm də daha dinc və dayanıqlı gələcəyə sərmayə qoymaq deməkdir.
Bilik və innovasiyanı birləşdirərək biz hava çirklənməsini azalda, uşaqlar və gələcək nəsillər üçün daha təmiz şəhərlər qura bilərik”.