BAKI, 20 may. TELEQRAF
Şəhərsalma müzakirələrində adətən üfüqi və şaquli sıxlıqdan danışılır. Başqa sözlə, şəhərlərin nə qədər geniş yayıldığı və nə qədər hündür yüksəldiyi diqqət mərkəzində olur. Lakin planlaşdırmada çox vaxt ən vacib fundamental insan ehtiyaclarından biri – təmiz hava – kölgədə qalır.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema WUF13 çərçivəsində keçirilən “Yeni Şəhər Gündəliyinə Həyat Vermək: Davamlı Şəhərlər üçün Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun İnteqrasiyası” adlı tədbirdə çıxışında deyib.
O bildirib ki, havanın keyfiyyəti adətən sonradan ölçülən ekoloji nəticə, sağlamlıq göstəricisi və tənzimləyici məsələ kimi qiymətləndirilir.
"Amma bu yanaşma artıq kifayət deyil. Biz düşüncə tərzində dəyişiklik etməliyik. Təmiz hava şəhər formasının yan məhsulu kimi deyil, əsas planlaşdırma göstəricisi kimi qəbul edilməlidir. Bu, şəhərlərin necə layihələndirildiyi, necə qurulduğu və nəqliyyatın, mənzilin, torpaq istifadəsinin necə idarə olunduğunun ayrılmaz hissəsi olmalıdır”.