BAKI, 20 may. TELEQRAF

Dünyada hər il 400 milyon tondan çox plastika istehsal edir. Eyni zamanda hər il milyonlarla ton plastik məhsul okeanlara və torpaqlara atılır.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın Şəhər Əsas Xidmətləri Bölməsinin rəisi Andre Dzikus WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, çox vaxt bunun əsas səbəbi istehlak və biznes modelləri olur: "Plastik tullantıların həcmi təxminən hər il 2% artır. İstehlak vərdişləri, istehsal sistemləri, qeyri-rəsmi tullantı sahələri, infrastruktur, qida və tekstil sektorları bu prosesə təsir göstərir. Resursların davamlı idarə olunması olmadan dayanıqlı gələcək mümkün deyil.

Şəhərlər yalnız tullantının yarandığı məkanlar deyil, eyni zamanda həll yollarının hazırlandığı, sınaqdan keçirildiyi və genişləndirildiyi yerlərdir. Tullantıları düzgün idarə edən şəhər adətən daha yaxşı planlaşdırılan, ictimai sağlamlığı daha yaxşı qoruyan, cəmiyyətə daha yaxşı xidmət göstərən və resurslardan daha səmərəli istifadə edən şəhər olur.

Bu baxımdan plastik çirklənməsi ilə mübarizə ikinci dərəcəli məsələ deyil. Bu, inteqrasiya olunmuş, əlaqəli və davamlı şəhər modelinin əsas hissəsidir".