BAKI, 20 may. TELEQRAF
Müasir texnologiyaların tətbiqi və ekoloji problemlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. Məktəb və universitetlərdə gənc nəslin ekoloji təhsilə cəlb olunması bu istiqamətdə mühüm rol oynayır.
Teleqraf xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, qeyd edilən istiqamətlər üzrə Azərbaycanda müəyyən edilmiş dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2020-ci il üzrə nəzərdə tutulmuş tədbirlər icra edilib və bu sahədə qanunvericiliyin tətbiqinə dəstək göstərilib: "Bu tədbirlər qanunvericiliyin təkmilləşdirilməsi və icrasının təmin olunması üçün nəzərdə tutulub. Eyni zamanda aidiyyəti qurumların və təşkilatların fəaliyyəti əlaqələndirilib".
Vüqar Kərimovun sözlərinə görə, qanunların tətbiqinin gücləndirilməsi və ictimai fəallığın artırılması istiqamətində əlavə mexanizmlər yaradılıb:
"Eyni zamanda qablaşdırma tullantılarının idarə olunması sahəsində maarifləndirmə tədbirləri və internet platformaları vasitəsilə məlumatlandırma işləri aparılır. Alternativ qablaşdırma vasitələrinə marağın artırılması məqsədilə müəssisələr və aidiyyəti təşkilatlarla müzakirələr başlanıb.
Təkrar emal sisteminin təşkil olunması, tullantıların çeşidlənməsi və ictimai iştirakçılığın gücləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb".