BAKI, 20 may. TELEQRAF
Ölkəmizdə tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə 2020-ci ildən etibarən bir sıra mühüm layihələr həyata keçirilməyə başlanılıb.
Teleqraf xəbər verir ki, bunu ekologiya və təbii dərvətlər nazirinin müavini Vüqar Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, regionlarda müasir tullantı çeşidləmə və təkrar emal müəssisələrinin yaradılması istiqamətində işlər aparılır:
"Bu da tullantıların daha effektiv idarə olunmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına şərait yaradır. Ekoloji təhlükəsizliyin təmin olunması və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi məqsədilə xarici təşkilatlarla əməkdaşlıq genişləndirilir. Müasir tullantı idarəetmə texnologiyalarının tətbiqi, innovativ həllərin və yeni idarəetmə üsullarının öyrənilməsi bu sahədə əsas prioritetlərdən biridir.
Müasir dövrdə yaşıl iqtisadi inkişaf tullantıların idarə olunmasında yeni imkanlar yaradır. Elmi təşkilatlarla əməkdaşlıq, innovativ texnologiyaların tətbiqi və qabaqcıl təcrübələrin ölkəmizdə istifadəsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Bütün bu tədbirlər ölkənin ekoloji təhlükəsizliyinin təmin olunmasına, tullantıların effektiv idarə edilməsinə və davamlı inkişaf məqsədlərinə nail olunmasına xidmət edir".