BAKI, 20 may. TELEQRAF
Azərbaycan artıq mənzil və şəhərsalma siyasətində təbiət əsaslı yanaşmanı ardıcıl şəkildə tətbiq edir.
Teleqraf xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” mövzusunda sessiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə səsləndirib.
O bildirib ki, 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası və onun 2030-cu il hədəflərində təmiz ətraf mühit və “yaşıl artım” əsas milli prioritetlərdən biri kimi müəyyən edilib.
Nazir müavininin sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zona”larının yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, həmçinin ekosistemlərin bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycan Türkiyə ilə birgə Cəbrayıl rayonunda Tingçilik Mərkəzini yaradıb.
“Bu mərkəz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yaşıllaşdırma və ekoloji bərpa tədbirlərinə mühüm dəstək verəcək. Azərbaycan yaxın vaxtlarda NDC 3.0 sənədini təqdim edib və hazırda Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasının hazırlanmasını davam etdirir. Bu hədəflərə çatmaqda təbiət əsaslı həllər və ekosistemlərin bərpası xüsusi rol oynayır. Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü bu il “Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə” şüarı altında keçiriləcək və ölkənin “yaşıl keçid” siyasətini beynəlxalq gündəmlə daha da yaxınlaşdıracaq”, - nazir müavini əlavə edib.