BAKI, 20 may. TELEQRAF

Ağalı, Məmmədbəyli və Horovlu kəndləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsipləri əsasında yeni dizaynla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası üzrə yenidən qurulur.

Teleqraf xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev WUF13 çərçivəsində keçirilən “Şəhər Dəyər Zənciri Fəaliyyətdə: Azərbaycanda Ağıllı və Davamlı Şəhər Layihələrinin Təqdim Edilməsi” mövzusunda tədbirdəki çıxışında bildirib.

O qeyd edib ki, dayanıqlılığı təmin etmək üçün “Böyük Qayıdış” Proqramı bir çox məqsəd və fəaliyyətləri özündə birləşdirir:

“Bunlar evlərin tikintisi, ərazilərin inkişafı, avtomobil yolları, dəmir yolları və bütün zəruri infrastrukturun qurulması, eləcə də bölgədə investisiya imkanlarının yaradılmasıdır. Bizim məqsədimiz yalnız evləri bərpa etmək deyildi — həm də keçmiş məcburi köçkünlərin ləyaqətlə və uzunmüddətli etimadla geri qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşana bilən icmalar yaratmaq idi.

Bu kəndlər enerji səmərəli texnologiyalar, dayanıqlı materiallar, ağıllı infrastruktur və rəqəmsal həllər əsasında layihələndirilib. Mənzil və ictimai xidmətlərdən tutmuş infrastruktur və yaşıllıq sahələrinə qədər hər bir element gələcək üçün komfortlu, ekoloji cəhətdən dayanıqlı və iqtisadi baxımdan səmərəli icmalar yaratmaq məqsədi ilə planlaşdırılıb.

Bu kəndlərdə müasir şəhərsalma yanaşması sakinlərin gündəlik ehtiyaclarının praktik, təhlükəsiz və effektiv şəkildə qarşılanmasına xidmət edir”.