BAKI, 20 may. TELEQRAF
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhər inkişafı naziri Alice Muthoni Vahomenin rəhbərlik etdiyi nümayəndə heyəti “Urban Expo” sərgisinin pavilyonları ilə tanış olub.
Teleqraf xəbər verir ki, Keniya rəsmilərini WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müşayiət edib.
Sərgi zamanı Keniya rəsmiləri Azərbaycan pavilyonuna xüsusi maraq göstəriblər. Anar Quliyev qonaqlara pavilyonun konsepsiyası və burada nümayiş etdirilən ekspozisiyalar barədə ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycanın WUF13 çərçivəsində təqdim olunan milli pavilyonu Heydər Əliyev Mərkəzinin memarlıq üslubundan ilhamlanaraq hazırlanıb. Pavilyonun giriş hissəsində yerləşdirilən çinar ağacı inkişafın, həyatın və Azərbaycanın simvollarından biri kimi təqdim olunur.
Qeyd edilib ki, pavilyon Azərbaycanın keçmişdən gələcəyə uzanan şəhərsalma və memarlıq irsini, eləcə də müasir inkişaf layihələrini əhatə edir. Burada İçərişəhər və digər orta əsr şəhərləri barədə məlumatlar təqdim edilir, həmçinin ölkənin milli parkları və təbii sərvətləri nümayiş olunur.