BAKI, 20 may. TELEQRAF

Müxtəlif sahələr üzrə bilik və bacarıqları bir araya gətirməklə konkret və təcili problemlərə uyğun komandalar yarada bilirik.

Teleqraf xəbər verir ki, bunu İsveçrədə İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə Direktor Haris Piplas WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Şəhər Transformasiyası Praktikada: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, şəhər problemləri üzərində birlikdə işlənilməlidir:

"Avropanın bir çox şəhərində problem bilik və ya texniki imkan çatışmazlığı deyil. Problem inteqrasiyanın, vahid və multidissiplinar yanaşmanın olmamasıdır. Biz şəhərləri hələ də XIX əsrdə olduğu kimi — funksional, parçalanmış və ayrı-ayrı sektorlar şəklində planlaşdırırıq. Mobillik, enerji, ictimai məkan və memarlıq ayrı-ayrılıqda planlaşdırılır. Halbuki biz bunu fərqli etmək istəyirik".

O bildirib ki, son günlərdə dəfələrlə eşitdiyiniz kimi, şəhərlər sürətlə böyüyür, bəziləri isə kiçilir, amma biz artıq urbanizasiya olunmuş bir planetdə yaşayırıq:

"Şəhərlər həm problemin, həm də həllin bir hissəsidir. İstixana qazı emissiyalarının təxminən 70 faizi şəhərlərdə yaranır. Eyni zamanda cəmiyyətimiz də sürətlə dəyişir.

Artıq yalnız gecə gündüz işləyən cəmiyyət deyil, həyat və iş tərzimizin hər gün fundamental şəkildə dəyişdiyi bir dövrdə yaşayırıq".