BAKI, 19 may. TELEQRAF
Türkiyə 2026-cı ildə Antalyada keçiriləcək COP31 iqlim sammitini bütün tərəflərin səsinin eşidildiyi və real nəticələrin əldə olunduğu platformaya çevirməyi hədəfləyir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, iqlim dəyişikliyi, quraqlıq, səhralaşma, biomüxtəlifliyin itirilməsi, su çatışmazlığı və tullantıların idarə olunması kimi problemlər artıq yalnız ekoloji deyil, həm də iqtisadi və sosial təhlükəyə çevrilib:
“Türkiyə dayanıqlı şəhərlərin qurulması istiqamətində “Sıfır Tullantı” layihəsi, dövri iqtisadiyyat strategiyası, bərpa olunan enerji, ağıllı şəhərlər və su səmərəliliyi sahələrində genişmiqyaslı layihələr həyata keçirir”.