BAKI, 19 may. TELEQRAF
“Mənim üçün bu tədbirə, liderlik ofisinə qatılmaq böyük şərəfdir. Bu, həm də şəhərlərin daxili təcrübəsindən və ümumilikdə şəhər inkişafından öyrənmək üçün bir fürsətdir. Şanxay Mükafatı bir yarışmadır, amma başqaları ilə rəqabət deyil, özünlə rəqabətdir. Yəni əsas məqsəd öz nailiyyətini göstərmək və onu inkişaf etdirməkdir”.
Teleqraf xəbər verir ki, bunu Çinin Şəhərsalma Planlaşdırması Cəmiyyətinin (UPSC) Vitse-prezidenti və baş katib Şi Nan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Baş katib vurğulayıb ki, Şanxay Mükafatı tək bir istiqamətə fokuslanmır və kompleks, çoxşaxəli yanaşmaya əsaslanır.
“Burada əsas məsələ şəhərin özü və şəhər inkişafıdır. Qiymətləndirmə dörd əsas sahə üzrə aparılır: təsir, dayanıqlılıq, innovasiya və adaptasiya. Hər bir istiqamət üzrə ayrıca meyarlar mövcuddur.
İnnovasiya isə xüsusi önəm verilən sahələrdən biridir, çünki biz innovasiya dövründə yaşayırıq. Lakin innovasiya təkcə texnoloji yeniliklərlə məhdudlaşmır. Biz onu hüquqi islahatlar, qanunvericilik, siyasətlərin formalaşdırılması, planlaşdırma və ümumilikdə icra olunan proqramların bütün strukturunda nəzərdən keçiririk.
Eyni zamanda maliyyə innovasiyası da mühüm əhəmiyyət daşıyır. Çünki bu cür təşəbbüslərin davamlılığını təmin etmək üçün yeni maliyyələşmə modellərinə ehtiyac var”, – Şi Nan əlavə edib.