BAKI, 19 may. TELEQRAF

"Malayziya D-8-ə bilik mübadiləsi çərçivəsi təklif edir. Bu forumdan sonra nazirlərimizə sizin bizimlə paylaşdığınız məlumatların nə qədər heyranedici olduğunu çatdıracağam".

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyası Prezidentinin müşaviri Neil Kor Cin Konq WUF13 çərçivəsində keçirilən D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu mövzusunda tədbirdəki çıxışında bildirib.

O bildirib ki, şəhər gündəlikləri milli enerji keçidi strategiyaları ilə uyğunlaşdırılmalı, şəhər səviyyəsindəki infrastrukturun yaşıl enerji keçidlərini dəstəkləməsi təmin edilməlidir:

“Nəhayət, düşünürəm ki, hamımızın diqqət mərkəzində olan əsas məsələ maliyyələşdirmədir. Kollektiv fəaliyyətin vacibliyini vurğulayaraq hesab edirik ki, iqlimə davamlı şəhər infrastrukturu üçün maliyyə çatışmazlığını aradan qaldırmaq məqsədilə birlikdə çalışmalıyıq. Biz bunun qlobal miqyasda təxminən 5,4 trilyon dollar olduğunu qiymətləndiririk. Bu, kiçik məbləğ deyil, lakin düşünürəm ki, D-8 ölkələri birlikdə çalışsa, buna mütləq nail ola bilərik.

Sonda isə Mənzil Təsərrüfatı Nazirliyimiz regional dayanıqlılığı gücləndirmək üçün texniki təcrübəsini, enerji modelləri üzrə yanaşmalarını və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması sahəsində təcrübəsini səkkiz üzv dövlətlə bölüşməyə hazırdır.

Mən eyni zamanda COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionunun müşaviriyəm və cənab Baş katib də bu qrup tərəfindən təklif olunan bütün innovativ təşəbbüsləri Antalya şəhərində keçiriləcək COP31 çərçivəsində vurğulamaq üçün “Səkkizlik”lə əməkdaşlıq etmək istəyəcək”.