BAKI, 19 may. TELEQRAF

D-8 regionun iqtisadi əməkdaşlığını yalnızca qurum yaratmaq kimi deyil, həm də həmrəyliyi, yaşıl inkişafı və ortaq gələcək vizyonunu gücləndirən real mexanizmlər formalaşdırmaq kimi görürük.

Teleqraf xəbər verir ki, bunu Türkiuənin Ətraf Mühit, Şəhərsalma və Urbanizasiya nazirinin müavini Hasan Suver WUF 13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “D-8 yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu” adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyənin şəhərsalma sahəsində əsas yanaşması fəlakətlərə davamlı, iqlimə dayanıqlı, ekoloji cəhətdən təmiz və insan yönümlü yaşayış məkanları qurmaqdır:

"6 fevral 2023-cü il zəlzələlərindən sonra Prezidentimizin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma prosesi başladılıb, şəhərlərimizin daha təhlükəsiz, yaşıl və dayanıqlı şəkildə bərpası üçün mühüm addımlar atılıb. Bu prosesdə əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq. Bu gün yaşıl transformasiya və şəhərsalma siyasətləri bir-birini tamamlayan iki əsas sahəyə çevrilib.

Təmiz nəqliyyat sistemləri, bərpa olunan enerji infrastrukturu, ağıllı şəhər tətbiqləri, yaşıl infrastruktur və davamlı mənzil layihələri şəhərlərimizin gələcəyini formalaşdırır. Bu istiqamətdə enerji və şəhərsalma sahələrində əməkdaşlıq mexanizmlərinin inkişafını vacib hesab edirik".

Hasan Suver əlavə edib ki, Türkiyə 2050-ci il üçün “xalis sıfır emissiya” hədəfi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə, yaşıl inkişaf, enerji transformasiyası və sənayedə karbon emissiyalarının azaldılması istiqamətində geniş siyasətlər həyata keçirir:
"2026-cı ildə keçiriləcək tədbirləri də yalnız danışıqlar platforması kimi deyil, həll yollarına fokuslanan qlobal platforma kimi qiymətləndiririk. Bu kontekstdə yaşıl investisiya layihələrinin, iqlim dəyişikliyinə hazırlıq mexanizmlərinin və davamlı inkişaf təşəbbüslərinin gücləndirilməsinə önəm veririk. Qlobal istiləşmə ilə mübarizə də ətraf mühit və şəhərsalma siyasətimizin əsas elementlərindən biridir. BMT Baş katibi ilə başladılan təşəbbüs artıq Birləşmiş Millətlər Təşkilatına təqdim olunan qərarla qlobal miqyas qazanıb. Resurs səmərəliliyi, təkrar emal, dövri iqtisadiyyat və davamlı istehlak sahələrindəki təcrübəmizi beynəlxalq əməkdaşlıq çərçivəsində bölüşməkdən məmnunuq.

Davamlı inkişaf məqsədləri çərçivəsində ortaya qoyulan şəhərsalma sisteminin Antalya prosesi ilə inkişaf etdirilməsini və bu gözəl Antalyada gələcək əməkdaşlıqların davam etdirilməsini önəmli hesab edirik".