BAKI, 19 may. TELEQRAF
Bu gün dünyada bir sıra böyük inqilablar formalaşır.
Teleqraf xəbər verir ki, bunu Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin koordinasiyası üzrə federal naziri Musadik Masood Malik WUF 13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “D-8 yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu” adlı tədbirdə deyib.
O bildirib ki, Enerji olmadan bütün inqilablar nəticəsiz qalacaq:
"Nanotexnologiya, Biotexnologiya inqilabı var. Həmçinin süni intellekt adlandırdığımız koqnitiv inqilab var və s. Bütün bunların arxasında daha böyük bir inqilab dayanır. Bu isə elektrikləşmə inqilabıdır. Enerji olmadan bütün bu inqilablar nəticəsiz qalacaq.
Enerji istehsal sistemlərimizin mərkəzindədir. Enerji inkişafımızın əsasındadır. Enerji hərəkətliliyimizin, dolanışığımızın və ən əsası mədəniyyətimizin mərkəzindədir.
Onun sözlərinə görə, bir çox ölkələr müəyyən səviyyədə çox həssas vəziyyətdədir:
"Onların imkanları nədir? Onların sərvətləri nədir? Onlarda elə bir günəş var ki, bəzən insanlar bir neçə ay kölgəyə qaçmağa məcbur olur. Onlarda okeanlar və qitələr boyunca uzanan güclü külək dəhlizləri var. Onlarda buzlaqlardan axıb gələn və coşqu ilə enən sular var.
Bütün bunları bir araya gətirəndə və bizim kimi bir çox ölkələrdə bunlar bir-birini tamamlayan mənbələrə çevrilir. Səhər günəşimiz olur, axşam isə küləyimiz. Bu möhtəşəm deyilmi?
Əgər davamlı enerji təminatı istəyirsinizsə, bunları birləşdirirsiniz: səhər parlaq günəş, axşam güclü külək. Üstünə coşqu ilə axan çayları da əlavə etdikdə böyük bir sistem yaranır. Bu təbii sərvətləri yaradıcılıqla birləşdirsək, düşünürəm ki, çox güclü bir sistem əldə edə bilərik".