Azərbaycan müasir sənaye və enerji gündəmini strateji prioritet kimi müəyyən edib.
Teleqraf xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu” adlı tədbirdə deyib.
O bildirib ki, iri miqyaslı bərpa olunan enerji və sərhədlərarası enerji dəhlizi layihələri həyata keçirilir, eyni zamanda yaşıl enerji investisiyası və innovasiya ekosistemlərini inkişaf etdirilir:
"Buraya enerji texnologiyaları və digər qabaqcıl həllər də daxildir. Gələn il bir neçə böyük təşəbbüsün birləşdirilməsi ilə genişmiqyaslı günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün şərait yaradılacaq. Bundan əlavə, bu təşəbbüs Azərbaycan Respublikası Prezidentinin bərpa olunan enerji mənbələrinin yenidən qurulması və inkişafına, həmçinin ağıllı enerji həllərinin tətbiqinə göstərdiyi diqqəti əks etdirir.
Buraya günəş enerjisi layihələrinin və elektrik avtomobil infrastrukturlarının inkişafı da daxildir və bu, daha yaşıl bir regionun qurulmasına xidmət edir”.
P.Şahbazov əlavə edib ki, Azərbaycan yaşıl enerji gündəliyini strateji prioritet kimi irəli aparır:
“Genişmiqyaslı bərpa olunan enerji və transsərhəd enerji dəhlizi layihələrini həyata keçirir, yaşıl enerji zonaları yaradır, enerji səmərəliliyini artırır və elektrik şəbəkələrini modernləşdiririk”.