BAKI, 19 may. TELEQRAF
Həyatımız şəhərlərlə bağlıdır, çağırışlarımız da şəhərlərlə bağlıdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən WUF13 çərçivəsində WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilən WUF13 NGO Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Azərbaycan bu müzakirələr üçün ən münbit, ən münasib yerdir.
"Biz öz təcrübələrimizi paylaşmağa və təcrübələri öyrənməyə hazırıq. Azərbaycaıln qədim şəhəri Qəbələ Qədim İpək Yolunda əsas şəhərlərdən olub. Müasir şəhərlərdə qədim irsin qorunması özü də bir çağırışdır. Azad edilmiş ərazilərdə 10 min kv/km ərazi minalarla zəhərlənib. Minalarla zəhərlənən ərazilərdə yeni həyat yaradırıq. 9 şəhərimiz məqsədli dağıdılaraq yer üzündən silinib. Məsələn, "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri də həmin dağıdılmış şəhərlərdən biridir. Amma bu, keçmişdə qalıb. Biz ideal gələcək qururuq", - o vurğulayıb.