Şanxayda mənzil təminatı sahəsində ciddi irəliləyiş əldə olunub. 1990-cı ildə 89 milyon kvadratmetr olan ümumi yaşayış fondu 2025-ci ildə 790 milyon kvadratmetrə çatıb.
Teleqraf xəbər verir ki, bunu Şanxay şəhərinin Mənzil Tikintisi və Şəhər-Kənd İnkişafının İdarə Edilməsi Komitəsi sədrinin müavini Qao Şiyun WUF13 çərçivəsində "Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması" mövzusunda tədbirdəki çıxışında bildirib.
O qeyd edib ki, Şanxay insan mərkəzli inkişaf fəlsəfəsinə əsaslanaraq rahat və yaşana bilən mənzilləri daim prioritet hesab edib, şəhər yenilənməsi layihələrini genişləndirərək sakinlərin müxtəlif mənzil tələbatını qarşılamağa çalışıb:
“Məqsəd hər bir vətəndaşın mənzil sahibi olduğu və rahat yaşadığı şəhər formalaşdırmaqdır. Adambaşına düşən yaşayış sahəsi isə 1980-ci ildəki 7,3 kvadratmetrdən 2025-ci ildə 37,63 kvadratmetrə yüksəlib. Son beş ildə təxminən 365 min kommersiya mənzili və 270 min sosial mənzil istifadəyə verilib. Şanxay kirayə və satınalma siyasətini paralel şəkildə inkişaf etdirərək sənaye-şəhər inteqrasiyasını və iş-yaşayış balansını gücləndirib.
Son illərdə 612 min sosial kirayə mənzili tikilərək əsasən çatdırılma, təhlükəsizlik, təmizlik və tikinti sahəsində çalışan işçilərin istifadəsinə verilib.
Eyni zamanda köhnə yaşayış fondunun yenilənməsi sürətləndirilib. Son beş ildə mərkəzi şəhər ərazilərində köhnə və qəzalı yaşayış binaları yenilənib, 1,65 milyon ailənin yaşayış şəraiti yaxşılaşdırılıb. Sanitar şəraiti olmayan 14 min köhnə ev təmir olunub, 68 milyon kvadratmetrdən çox yaşayış məhəlləsi yenilənib, binalara liftlər quraşdırılıb və ətraf mühit abadlaşdırılıb”.