BAKI, 19 may. TELEQRAF
"2016-2025-ci illərdə Çində daimi şəhər sakinlərinin urbanizasiya səviyyəsi 58,8%-dən 69,7%-ə yüksəlib. Çin BMT-nin yoxsulluğun azaldılması hədəfinə vaxtından 10 il əvvəl çatıb və qlobal yoxsulluğun azaldılmasına mühüm töhfə verib".
Teleqraf xəbər verir ki, bunu Çin Şəhər Planlaşdırılması və Layihələndirilməsi Akademiyasının direktor müavini Çjen Deqao WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması" mövzusunda tədbirdə çıxışında bildirib.
O qeyd edib ki, Çin son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası istiqamətində konkret addımlar atıb:
“Ölkə şəhərlərin insanlar üçün və insanlar tərəfindən qurulması prinsipinə əsaslanaraq institusional mexanizmləri təkmilləşdirib, siyasət və tədbirləri gücləndirib, şəhər cəmiyyətinin, iqtisadiyyatının və ətraf mühitinin dayanıqlı inkişafına nail olub.
Ölkədə yaşlılar üçün əlverişli və inklüziv mənzil, məhəllə və icmaların qurulması təşviq olunur. Əhali üçün təhsil, səhiyyə, məşğulluq, mənzil və sosial xidmətlərə çıxışın təmin edilməsinə xüsusi diqqət yetirilir. Eyni zamanda tarixi-mədəni irsin qorunması və müasir həyatla inteqrasiyası prioritet sayılır”.
O vurğulayıb ki, Çin iqtisadi dayanıqlılığı şəhər inkişafının əsası hesab edir:
“Elmi-texnoloji innovasiyalar, müasir sənaye sistemi və açıq iqtisadiyyat vasitəsilə şəhər iqtisadiyyatının rəqabət qabiliyyəti artırılır. 2025-ci ildə iqtisadiyyatı 1 trilyon yuanı aşan şəhərlərin sayı 29-a çatıb, Çin isə dünyanın 100 ən böyük innovasiya klasterindən 24-nə sahib olub.
Kiçik və orta müəssisələr texnoloji innovasiyaların 70%-dən çoxunu təmin edib, şəhər məşğulluğunun isə 80%-dən çoxunu yaradıb. Çin həmçinin gənclər və həssas qruplar üçün məşğulluq imkanlarını genişləndirərək inklüziv əmək bazarını inkişaf etdirib”.