BAKI, 19 may. TELEQRAF

Çin onilliklər ərzində UN-Habitat üçün əsas tərəfdaşlardan biri olub. Bu tərəfdaşlıq həm UN-Habitat proqramları, təşəbbüsləri və qlobal platformalarında iştirak, həm də Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin bütün səviyyələrdə irəliləyişinə verilən töhfələr vasitəsilə özünü göstərib.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması" mövzusunda tədbirdə çıxışında bildirib.

O qeyd edib ki, UN-Habitat Çinin Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı Milli Tərəqqi Hesabatını təqdim etməsini yüksək qiymətləndirir:

“Bu hesabat 2016-cı ildə Kitoda keçirilən Habitat III konfransında qəbul edilmiş Yeni Şəhər Gündəliyinin 10 ildən sonrakı orta müddətli qiymətləndirilməsi çərçivəsində BMT Baş katibinin hesabatına mühüm töhfədir.

Çinin hesabatı, xüsusilə əlçatan mənzil, şəhər regenerasiyası və ağıllı şəhər innovasiyaları sahəsində insan mərkəzli şəhər inkişafı yanaşması ilə əldə olunan mühüm nailiyyətləri əks etdirir.

2024-cü ilin oktyabrında UN-Habitatın İcraçı direktoru kimi Çinə ilk səfərim zamanı Pekin, Şanxay və Uhan şəhərlərində oldum. Şəhərlərin yaşıllığı, təbiət əsaslı həllər və bərpa olunan enerjidən istifadənin artması məni çox təsirləndirdi. Şəhərlər eyni zamanda rəqəmsal innovasiyaları şəhər idarəçiliyinə inteqrasiya edir və yaşayış standartlarını yaxşılaşdırır. Bu nailiyyətlər Çinin Dayanıqlı İnkişaf Məqsədlərinin milli və yerli səviyyədə həyata keçirilməsi istiqamətində göstərdiyi böyük səylərin göstəricisidir.

Dünyanın müxtəlif şəhərləri getdikcə mürəkkəbləşən urbanizasiya problemlərinə həll yolları axtardığı bir dövrdə, Çinin yaşıl, inklüziv və ağıllı urbanizasiya təcrübəsi, xüsusilə Qlobal Cənub ölkələri üçün dəyərli nümunə və təcrübələr təqdim edir”.

O əlavə edib ki, Dünya Şəhərlər Günü, Dünya Təmizlik Günü və Şanxay Mükafatı kimi UN-Habitat platformaları şəhərlər arasında təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır:

“Əslində, Dünya Şəhərlər Gününün təşəbbüskarı məhz Çin olub. Buna görə sizə təşəkkür edirəm. Fucounun 2026-cı il Dünya Şəhərlər Gününün qlobal tədbirinə ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbrik edirəm. Tədbir “Şəhərin yenilənməsi — hamı üçün layiqli mənzil” mövzusuna həsr olunacaq. Şanxay Mükafatı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində yerli səylərin tanınması, innovativ həllərin nümayişi və bilik mübadiləsinin təşviqi vasitəsilə Dünya Şəhərlər Günü platformasına yeni dinamika qazandırıb.

Həmçinin Şaosini 2026-cı il Dünya Təmizlik Gününün qlobal tədbirinə ev sahibliyi etmək üçün seçilməsi münasibətilə təbrik etmək istəyirəm.

Gələcəyə baxdıqda, Dünya Şəhərlər Günü, Dünya Təmizlik Günü və Şanxayda keçiriləcək “SDG Cities” Qlobal Konfransı kimi beynəlxalq platformaların daha da gücləndirilməsi üçün böyük potensial görürük. Bu platformalar yalnız dialoqu təşviq etmir, həm də tərəfdaşlıqları möhkəmləndirir və həllərin həyata keçirilməsini sürətləndirir”.