BAKI, 19 may. TELEQRAF

Çin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin icrasına böyük önəm verir, sosial, iqtisadi və ekoloji baxımdan hərtərəfli və dayanıqlı şəhər inkişafına nail olur.

Teleqraf xəbər verir ki, bunu Çin Xalq Respublikası Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyinin baş iqtisadçısı Van Şenzyun WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması" mövzusunda tədbirdə çıxışında bildirib.

O qeyd edib ki, Çində yeni urbanizasiya, mənzil və icmalar, bələdiyyə infrastrukturu, ictimai xidmətlər, şəhər idarəçiliyi, iqtisadi inkişaf və maliyyə dəstəyi sahələrində son onilliklər ərzində əldə olunan irəliləyiş və nəticələr sistemli şəkildə təhlil edilib:

“Gündəliyin həyata keçirilməsi və onun qlobal reallaşmasına töhfə verilməsi üçün Çinin strateji istiqamətlərini araşdırıb müəyyən etmişik və nəticədə 70 min heroqlifdən ibarət milli hesabat hazırlanıb.

13-cü Ümumdünya Şəhərsalma Forumu zamanı Yeni Şəhər Gündəliyinin icrası üzrə təcrübəmizi dünya ölkələri ilə bölüşməkdən və gələcək şəhər inkişafına dair yeni yanaşmaları birgə araşdırmaqdan məmnunuq. Dünya Şəhərlər Günü BMT-nin şəhərlərə həsr olunan ilk beynəlxalq günü kimi, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin və Yeni Şəhər Gündəliyinin təşviqi üçün mühüm platformaya çevrilib. Bu ilin oktyabr ayında Dünya Şəhərlər Gününün qlobal əsas tədbiri Çinin Fucou şəhərində “Yaşana bilən arzular quraraq yenilənmək və güclənmək” mövzusu altında keçiriləcək. Tədbir mənzil böhranının həlli və hər kəs üçün layiqli mənzilin təşviqinə həsr olunacaq.

Bu ilin sentyabrında isə Dünya Təmizlik Günü Çinin Şaosin şəhərində keçiriləcək. Bu tədbir hökumətlər, biznes qurumları, icmalar və məktəblər arasında əməkdaşlığı gücləndirərək birgə yaşıl və aşağı karbonlu mühitin qurulmasına xidmət edəcək. Biz bütün dostlarımızı səmimi şəkildə qarşılayırıq. İnanırıq ki, bu iki tədbir öz unikallığı, yüksək səviyyəsi və uğurlu nəticələri ilə seçiləcək”.