BAKI, 19 may. TELEQRAF
Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə Azərbaycana qarşı bəzi qarayaxma kampaniyaları həyata keçirilir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 çərçivəsində keçirilən "Qlobal Koalisiyaların Mərkəzində Mənzil" tədbirində jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan buna əhəmiyyət vermir. Çünki hər şey açıq şəkildə özünü göstərir. Ölkəmizin tərəfdaşlıq coğrafiyası, miqyası genişlənir", - o vurğulayıb.
Hikmət Hacıyev əlavə edib ki, həmişə Azərbaycana qarşı bu qərəz həmişə olub:
"Xüsusilə, Azərbaycanda qlobal miqyaslı tədbirlər keçirildiyi dövrdə bəzi dairələr və qüvvələr tərəfindən Azərbaycana qarşı müəyyən kampaniyalara başlanılır. Son dövrlərdə bunun bir qədər azaldığını müşahidə edirik. Çünki istər ölkəmizin daxilində, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara artıq qrant verənlərin sayları da azalıb. Onların hansı mənbələrdən qrant aldıqlarını da, yəni qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini çox gözəl bilirik. Bunu inkar etməyə çalışsalar da, bilirik.
Azərbaycan Respublikasının öz siyasəti var. Beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin hörməti, nüfuzu bu gün göz qabağındadır. Azərbaycan bu gün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir. Bu kimi qlobal tədbirlər Azərbaycanda müzakirə olunur. Elə bu auditoriyaya, buradakı müzakirələrin mahiyyətinə baxmaq hər şeyi açıq-aşkar göstərir.
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında öz liderliyini qoruyur və gücləndirir".