BAKI, 19 may. TELEQRAF

Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkandır və davamlı olaraq silsilə tədbirlər keçirilir. Ölkəmiz BMT çərçivəsində ən böyük tədbirlərdən biri olan COP29-a ev sahibliyi etdi və bunun ardınca isə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda baş tutması beynəlxalq ictimaiyyət və BMT ailəsi tərəfindən bizə olan etimadın göstəricisidir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Onu nəzərə almalıyıq ki, dünyada heç də bütün ölkələrdə hazırki şəraitdə bu miqyasda tədbirin keçirilməsi mümkün deyil.

Təhlükəsizlik vəziyyətinə, müharibələrə görə, həm də ölkələrin təşkilatçılıq qabiliyyəti, şəhərlərin hazırlıq səviyyəsi və digər parametrlər üzrə demək olar ki, heç də bütün şəhərlər və ölkələr bu kimi tədbirlərə hazır deyil. Ona görə də beynəlxalq ictimaiyyətin etimadı, ölkəmizin hazırlığı və çoxsaylı diplomatik müstəvidə olan tədbirlərə ev sahibliyi etməsi onu şərtləndirir ki, Ümumdünya Şəhərsalma Forumu kimi mötəbər bir tədbir Azərbaycanda keçirilir. Bu, BMT miqyasında COP29-dan sonra ikinci böyük tədbirdir və çox qısa zaman kəsiyində bu tədbir də Azərbaycanda baş tutur.

Cənab Prezidentin dünən Ümumdünya Şəhərsalma Forumunun açılışında qeyd etdiyi tezislərə bir daha da toxunmaq istərdim: Birincisi, cənab Prezident tərəfindən o məqam xüsusilə vurğulandı ki, Azərbaycan xalqının zəngin şəhərsalma mədəniyyəti var. Azərbaycanda şəhərlərin yaradılması tarixi eramızdan əvvəlki dövrlərə gedir. Burada qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhəri, Naxçıvan şəhəri və digər Azərbaycanın qədim şəhərlərini, o cümlədən də orta əsr şəhərlərimizi qeyd etmək olar. Bu zəngin ənənələr və təcrübələr əsasında bu gün Azərbaycanda da müasir şəhərlərimiz inkişaf edir", - deyə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan şəhərlərin urbanizasiya prosesi çərçivəsində, modernləşdirilməsi ilə tarixi ənənələri qoruyur.

H.Hacıyev qeyd edib ki, bu gün paytaxt Bakı bunun ən gözəl nümunəsidir və dünya miqyasında da bu, qəbul olunur: "UNESCO-nun maddi irs siyahısına Bakı şəhərinin bir neçə istiqamətdə olan tarixi obyektləri, o cümlədən ölkəmizin digər məntəqələrində olan şəhərlərimiz daxil edilib.

Həmçinin burada post-münaqişə şəraitində şəhərlərin və yaşayış məskənlərinin qurulmasında cənab Prezidentin öz nitqində qeyd etdiyi kimi, Azərbaycanın unikal xarakter daşıyan bir təcrübəsi var. Post-münaqişə şəraitində bu gün tam əminliklə demək olar ki, Azərbaycan kimi öz milli, maddi və inzibati resursları əsasında 9-a yaxın şəhəri və 300-dən artıq müxtəlif şəhərlər və qəsəbələr quran, tikən ikinci bir ölkə yoxdur.

Həmçinin də biz evlər, mənzil problemlərini qlobal kontekstdə nəzərə alsaq, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində 90-cı illərin əvvəllərində məcburi köçkünlər və qaçqınlarımız çətinliklərlə üzləşərək çadır şəraitində yaşayırdılarsa, qısa müddət ərzində hökumətimiz tərəfindən bu tendensiya dəyişdirildi. Məcburi köçkünlər üçün də müxtəlif mənzillər tikilir və təhvil verilirdi. Cənab Prezident özü də bunların açılışında iştirak edirdi.

Bu parametrlərin ardınca da, qeyd etdiyimiz kimi Azərbaycan cənab Prezident də öz nitqində qeyd etdiyi kimi qlobal məsələlərin müzakirə olunduğu məkandır və Ümumdünya Şəhərsalma Sammiti də bu məqsədlərə xidmət edir".