BAKI, 19 may. TELEQRAF

2030-cu ilə qədər enerji çatışmazlığı ilə üzləşə bilərik.

Teleqraf xəbər verir ki, bunu “Azərenerji” ASC-nin İdarə Heyətinin sədr müavini Rüstəm Qasımov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Enerji Sistemlərinin Rəqəmsal Arxitekturası" adlı tədbirdə deyib.

O bildirib ki, bu ciddi addımlar atılmasını tələb edir:

"Süni intellektin (Sİ) geniş inkişafı üçün böyük həcmdə enerji lazımdır və Sİ inkişafının əsas şərti etibarlı və dayanıqlı enerjidir. Əgər hazırkı vəziyyətdə qalsaq, bütün tələbatı qarşılamaq baxımından 2031-ci ilə qədər enerji defisiti gözlənilə bilər. Buna görə də enerji istehsalını artırmağı planlaşdırırıq".

Qasımovun sözlərinə görə, hazırda 525 meqavat gücündə elektrik stansiyasının inkişaf etdirilməsi nəzərdə tutulur:

"2028–2030-cu illər ərzində əlavə enerji istehsal gücü yaratmağı və perspektivdə təxminən 4 000 meqavatlıq yeni istilik enerjisi gücü formalaşdırmağı planlaşdırırıq. Enerji layihələrinin inkişafı vaxt tələb edir, buna görə də qabaqlayıcı addımlar atmalıyıq".