BAKI, 19 may. TELEQRAF

“Yenidənqurma yalnız fiziki infrastrukturun bərpası demək deyil”.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

O, yenidənqurma prosesinin sənaye zonalarının bərpası, iqtisadi imkanların canlandırılması, həmçinin uzunmüddətli sülh və əməkdaşlıq mühitinin yaradılması demək olduğunu vurğulayıb:

“Yeni nəqliyyat dəhlizləri, dəmir və avtomobil yolları, enerji infrastrukturu və rəqəmsal şəbəkələr yenidən qurulan əraziləri daha geniş regional və beynəlxalq iqtisadi sistemlərə inteqrasiya edir. Bu investisiyalar mobilliyi, ticarəti, sərmayələri, turizmi və məşğulluğu təşviq edir, eyni zamanda regional qarşılıqlı asılılığı və uzunmüddətli sabitliyi gücləndirir. Bu baxımdan, layihələrin təsiri Azərbaycan sərhədlərindən xeyli kənara çıxaraq Asiya ilə Avropa arasında bağlantını gücləndirir, daha geniş regional iqtisadi artıma və əməkdaşlığa töhfə verir”.

Ceyhun Bayramov Azərbaycanın Transxəzər Orta Dəhlizi və Şimal-Cənub Dəhlizinin əsas hərəkətverici qüvvələrindən biri olduğunu xatırladaraq, ölkənin postmünaqişə strategiyası çərçivəsində multimodal bağlantı gündəliyini ardıcıl şəkildə irəli apardığını bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Bəyannaməsi beynəlxalq sülh və rifah naminə "Tramp yolu" təşəbbüsünün əsasını qoyub:

“Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz multimodal əlaqəni təmin etməklə yanaşı, dəmir yolları, magistrallar, enerji kəmərləri, elektrik və fiber-optik kabellər vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni strateji xətt yaradacaq. Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu və Türkiyənin yeni Qars-İğdır-Dilucu xətti Zəngəzur dəhlizini tamamlayaraq regional bağlantını gücləndirəcək və Asiya ilə Avropa arasındakı inteqrasiyanı daha da möhkəmləndirəcək”.