BAKI, 19 may. TELEQRAF
Dünyada ən isti iqlim şəraitinə malik 15 qaçqın düşərgəsində il ərzində təxminən 200 gün ekstremal hava şəraiti müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən konfransda çıxışı zamanı bildirib.
Səfir dünyada iqlim qaçqınlarının sayının kəskin artaraq münaqişə səbəbindən yurdundan olanların sayını üstələdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, məhz bu reallıq post-münaqişə zonalarında iqlim həllərini tətbiq etmək və xroniki maliyyə çatışmazlığını aradan qaldırmaq məqsədilə “COP29 Baku Hub” təşəbbüsünün yaradılmasının əsas səbəbi olub.
E. İsgəndərov vurğulayıb ki, iqlimə ən həssas 27 ölkədən 25-i Ən Az İnkişaf Etmiş (LDC) dövlətlərdir və onlar kəskin maliyyə qıtlığı ilə üzləşirlər:
"Bu ölkələr iqlim adaptasiyası üçün tələb olunan vəsaitin təxminən 10 dəfə azını alırlar. Başqa sözlə, ehtiyac duyulan hər 100 dollar üçün cəmi 1 dollar ayrılır. Statisikaya əsasən, bu mühitdə yaşayan mərkəzlər adambaşına cəmi 1.9 dollar iqlim maliyyəsi aldığı halda, digər analoji bölgələrdə bu rəqəm 18 dollara çatır".
Diplomat qeyd edib ki, “Baku Hub” təşəbbüsünün əsas qayəsi iqlim maliyyəsinin post-münaqişə, kövrək və yüksək humanitar ehtiyacların mövcud olduğu ərazilərə daha səmərəli şəkildə yönləndirilməsini təmin etməkdir.