BAKI, 19 may. TELEQRAF
Mən Şuşada işğal zamanı da olmuşam. İşğaldan sonra demək olar ki, ilk gedənlərdən də mən oldum. Şuşanın dirçəlişi demək olar ki, mənim gözümün qabağında baş verir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şuşa gözümün qabağında dirçəlir:
"Bu, çox sevindirici haldır. Hər dəfə gedəndə yeni ev, yeni tikinti görürük. Çox sevindirici haldır ki, Şuşada olan məscid bərpa olunub. Ümumiyyətlə, mən bir Azərbaycan vətəndaşı olaraq və köklərimiz Qarabağdan olduğuna görə bu sürəti çox yüksək qiymətləndirirəm. Artıq Şuşada 1500-ə yaxın əhali var. Onlarla tez-tez görüşlər keçirirəm.
Amma vaxtilə həmişə dərd çəkirdim ki, görəsən, mən Şuşanın azad olunmasını görəcəyəm, ya yox. Həmişə inanırdım ki, Şuşa əvvəl-axır azad olunacaq. Allaha şükür ki, biz bu günləri gördük. Gücümüz çatana kimi bu prosesə yardım edirik.
Bu forumun keçirilməsi çox böyük hadisədir. Dünya səviyyəsində hadisədir və Azərbaycan üçün, Bakı üçün böyük bir təbliğat vasitəsidir. Çox sevindirici haldır ki, Bakıda artıq belə böyük beynəlxalq tədbirlər keçirilir".