BAKI, 19 may. TELEQRAF

“Belə forumlar olduqca vacibdir. Urbanizasiya və yaşadığımız məkanların rəqəmsallaşdırılmasından danışarkən insan faktorunu heç vaxt unutmamalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Zarina Mirabdullayeva deyib.

O bildirib ki, könüllülər cəmiyyətlə yaşadıqları məkanlar arasında ən güclü bağlardan biridir: “Mən burada könüllülük haqqında danışmaq istəyirəm. Çünki könüllülər insanlarla yaşadıqları məkanlar arasında ən yaxşı bağlantını quran şəxslərdir. Müxtəlif tədbirlərdə, məkanlarda və təşkilatlarda ilk gördüyümüz insanlar məhz könüllülər olur”.

Z. MirAbdullayeva vurğulayıb ki, könüllülər innovasiya və modernləşmənin əsas hissəsidir: “Mənim mesajım çox aydındır könüllülər yaşadığımız şəhərlərin innovasiyası, rəqəmsallaşdırılması və modernləşdirilməsinin əsas komponentidir”.