BAKI, 19 may. TELEQRAF

"İnklüzivlik xeyriyyəçilik deyil, dayanıqlı şəhərsalmanın təməlidir".

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda iclasda bildirib.

Pərvanə Vəliyeva çıxışında əlilliyin fərdi tibbi problem deyil, ekoloji və situativ mühitdən qaynaqlanan bir maneə olduğunu vurğulayıb.

Uzun illər formalaşmış yanaşmanı rədd edən deputat vəziyyəti real nümunə ilə izah edib: "Təkərli oturacaqdan istifadə edən şəxsi məhdudlaşdıran onun fərdi fiziki durumu deyil, lift əvəzinə qarşısına çıxan pilləkənlərdir. Ətraf mühiti dəyişsək, əlilliyi də azaltmış olarıq".

Əlçatanlıq probleminin təkcə daimi fiziki məhdudiyyəti olan şəxslərə aid olmadığını bildirən millət vəkili, uşaq arabalı valideynlərin, yaşlıların və müvəqqəti zədə alanların da eyni çətinlikləri yaşadığını xatırladıb.

O, cəmiyyəti insanlara deyil, infrastruktura fokuslanmağa çağırıb: "Biz insanlara baxıb onların məhdudiyyətləri olduğunu söyləməyi dayandırmalıyıq. Bunun əvəzinə ictimai məkanlarımıza baxıb deməliyik: bu mühit öz vətəndaşlarını necə məhdudlaşdırır? Çünki inklüziv şəhərlər kimlərəsə verilən imtiyaz deyil, hər kəs üçün fundamental insan hüququdur".