BAKI, 19 may. TELEQRAF

Azərbaycanda tam elektron və təmassız əlillik qiymətləndirmə sistemi yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) “Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər” mövzusunda keçirilən iclasda deyib.

O qeyd edib ki, rəqəmsal əlillik altsistemi vasitəsilə tibbi məlumatlar elektron qaydada emal olunur, qərarlar isə şəffaf və operativ şəkildə qəbul edilir:

“Azərbaycan regionda belə sistemi tətbiq edən ilk ölkələrdən biridir. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqlarının təmin edilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir:

E.Ənsari əlavə edib ki, 2008-ci ildə BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları Konvensiyasına qoşulduqdan sonra biz milli qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması və əlilliyə tibbi yanaşmadan sosial yanaşmaya keçid məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilib.

“Bu istiqamətdə mühüm mərhələlərdən biri 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun qəbul edilməsi olub. Həmin qanun bərabər hüquqların, reabilitasiyanın, məşğulluğun və sosial inklüzivliyin təmin olunması üçün güclü hüquqi baza yaradıb.

Digər mühüm məqam isə sosial ödənişlərin vətəndaşlardan heç bir müraciət və sənəd tələb olunmadan proaktiv şəkildə təyin edilməsidir. Proaktiv sosial xidmət modeli artıq beynəlxalq səviyyədə tanınıb və digər ölkələr tərəfindən öyrənilir.

İkinci istiqamət isə inklüziv və əlçatan şəhərlər konsepsiyasının təşviqidir. Əlçatanlıq yalnız fiziki infrastrukturla məhdudlaşmır. Bu, həyatın bütün sahələrində bərabər iştirakın təmin olunması deməkdir. 2021-ci ildə qəbul edilmiş infrastrukturun məqsədəuyğun uyğunlaşdırılması qaydaları bütün dövlət və özəl qurumlar üçün nəqliyyat, kommunikasiya, mədəniyyət və ictimai xidmətlər sahəsində əlçatanlığın təmin edilməsini tələb edir.

Bundan əlavə, 2019-cu ildə əlilliyi olan şəxslər üçün iş yerləri standartları qəbul edilib, inklüziv məşğulluğun dəstəklənməsi və əmək bazarında uyğunlaşdırma ehtiyaclarının monitorinqi məqsədilə rəqəmsal sistem hazırlanıb”.