BAKI, 19 may. TELEQRAF
“Müharibədən sonra gördük ki, təxminən 1,5–2 milyon yaşayış sahəsi tam və ya qismən zərər görüb. Suriyada çox ağır mənzərə və acı reallıq var idi”.
Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Regional Şəhər Laboratoriyası: Misir və Suriyadan şəhər miqyasında dayanıqlı şəhər inkişafının maliyyələşdirilməsi üçün innovativ şəhər alətləri” adlı panel sessiyasında suriyalı mütəxəssis Khaled Ebrahim deyib.
“Buna görə də gələcək mərhələdə nə edəcəyimizi müəyyən etmək üçün qiymətləndirmə alətləri axtarmağa başladıq.
Mənzil və İctimai İşlər Nazirliyi bu təşəbbüsü öz üzərinə götürdü və Mühəndislər Birliyi, həmçinin BMT proqramı ilə əməkdaşlıq çərçivəsində zərərin qiymətləndirilməsi sistemi hazırladı. Yaxın zamanda bu sistemin təqdimatı ilə bağlı razılaşma da əldə olunub.
Bu, əslində iki metodologiyadan ibarət bələdçidir. Birinci metodologiya – bu bələdçidən necə istifadə etmək və düzgün nəticələrə çatmaq üçün hansı mənbələrdən yararlanmaqdır. Çünki müxtəlif hesabatlarda, yerində aparılan qiymətləndirmələrdə və müxtəlif qurumların təqdim etdiyi məlumatlarda dağıntı faizi fərqli rəqəmlərlə göstərilirdi. Əksər hallarda bunlar yalnız peyk və ya hava görüntülərinə əsaslanırdı. Amma bizə dəqiq və detallı qiymətləndirmə üçün xüsusi bir metodologiya lazım idi”.
O vurğulayıb ki, azadlıqdan əvvəl təxminən 2,4 milyon insan düşərgələrdə yaşayırdı:
“Onlardan təxminən 1,1 milyonu evlərinə qayıdıb, bəziləri evlərini təmir edə bilib. Amma hələ də 1,1–1,2 milyon insan çadırlarda və düşərgələrdə yaşayır.
Buna görə hökumət səviyyəsində yüksək dairələrdə belə bir hədəf irəli sürülüb: “sıfır düşərgə, sıfır çadır”. Bu məqsədə çatmaq üçün xüsusi metodologiya hazırlanmalıdır. Biz bu bələdçidən istifadə edərək həmin yanaşmanı formalaşdırmağa çalışırıq.
Evlərini tərk edən insanlar artıq geri qayıtmağa ehtiyac duyurlar. Buna görə də aydın baxış və konkret metodologiya olmalıdır. Düşərgələr isə müxtəlif kateqoriyalar üzrə təsnif edilir - çox ağır, pis, qənaətbəxş və s. Bundan əlavə, onlar tikinti materiallarına görə də ayrıca təsnif olunur.”