BAKI, 18 may. TELEQRAF
“Urbanizasiya modernləşmə və inkişaf gətirir. Lakin əsas sual budur, şəhərlər öz ruhunu itirmədən necə inkişaf edə bilər? Türk dövlətlərində, Anadoludan Qafqaza qədər ev təkcə yaşayış məkanı deyil, həm də mədəni yaddaşın daşıyıcısı olub”.
Teleqraf xəbər verir ki, bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova WUF13 çərçivəsində keçirilən panel sessiyada deyib.
O vurğulayıb ki, ənənəvi türk evləri davamlılığı, birgə yaşayışı və ictimai bağları formalaşdıran sosial dəyərləri özündə əks etdirir:
“Bu evlər yalnız memarlıq nümunəsi deyil, həm də həyat tərzinin, düşüncə tərzinin və mədəniyyətin ifadəsidir. Türk evlərini qorumaq, tarixi yaddaşı itirmədən onu müasir şəhər həyatına inteqrasiya etmək lazımdır. Dayanıqlı şəhərlər təkcə texnologiya ilə deyil, həm də mədəniyyət, irs və sosial dəyərlərlə formalaşır. Bu baxımdan Türk dünyasının ortaq irsinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün daha güclü əməkdaşlığa ehtiyac var. Xüsusilə beynəlxalq çərçivədə birgə layihələr, mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər bu prosesə mühüm töhfə verə bilər”.