BAKI, 18 may. TELEQRAF
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkəsinin yeni regional ekologiya, rəqəmsallaşma və şəhərsalma strategiyasını təqdim edib.
Teleqraf xəbər verir ki, hökumət rəhbəri əhalinin rahatlığını təmin etmək məqsədilə respublikada yeni Şəhərsalma Məcəlləsinin qəbul olunduğunu və bütün regionlarda xüsusi inkişaf mərkəzlərinin qurulduğunu bildirib.
Baş nazir Qazaxıstanın dayanıqlı tərəqqi istiqamətində reallaşdırdığı layihələri üç əsas qrupda bölüşərək diqqətə çatdırıb ki, rəqəmsallaşma və innovasiya xətti üzrə Almatı vilayətindəki Alatau şəhəri qlobal investisiya qovşağına çevrilir, süni intellektin təhlükəsiz tətbiqi üçün qanunvericilik bazası formalaşdırılıb, 1200-dən çox dövlət xidməti elektronlaşdırılıb və Almatıda BMT-nin ESCAP platforması çərçivəsində regional rəqəmsal həllər mərkəzi fəaliyyətə başlayıb.
Çıxışının sonunda Oljas Bektenov qlobal çağırışlara qarşı birgə fəaliyyətin önəmini vurğulayaraq, bu mötəbər forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycana dərin minnətdarlığını ifadə edib.