BAKI, 18 may. TELEQRAF
İlham Əliyevin öz ölkəsinə və xalqına olan sevgisi sayəsində Bakı dünyanın ən gözəl yerlərindən birinə çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı bildirib.
Serbiya lideri qeyd edib ki, kənardan gələn əcnəbi qonaqlar üçün Azərbaycandakı böyük inkişafı görmək daha asandır, çünki daxildə yaşayan insanlar baş verən dəyişikliklərə daha tez adaptasiya olurlar:
"Mən Azərbaycan xalqının və Prezident İlham Əliyevin ölkənin rifahı naminə birlikdə nümayiş etdirdiyi böyük tərəqqinin şahidiyəm. Son illərdə ölkənizin keçdiyi bu möhtəşəm inkişaf yolunun çox sadə bir izahı var, bu, sizin çalışqanlığınız və fədakarlığınızdır”.
A.Vuçiç Azərbaycan Prezidentinin şəxsi liderlik keyfiyyətlərini xüsusi vurğulayaraq bildirib ki, bu uğurların arxasında İlham Əliyevin bir çox liderlərdən daha üstün olan xüsusi bir xüsusiyyəti dayanır:
"Bu, onun öz xalqına və ölkəsinə olan sonsuz sevgisi, ehtirası və böyük məsuliyyət hissidir. Məhz bunun sayəsində ölkədə belə bir heyranedici tərəqqi baş verir və bu gün Bakı dünyanın ən gözəl, ən mükəmməl məkanlarından biri kimi görünür”.
O, öz ölkəsində də bənzər bir inkişaf modelini müəyyən dərəcədə tətbiq etməyə çalışdıqlarını sözlərinə əlavə edib.