BAKI, 13 oktyabr. TELEQRAF

Serbiyanın istefa vermiş Prezidenti Aleksandr Vuçiç bildirib ki, Avropa İttifaqı (Aİ) ölkəsinin quruma üzvlüyündən əvvəl Rusiyaya qarşı sanksiyalara qoşulmasını şərt kimi irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə Vuçiçin açıqlamasını Serbiyanın “Blic” nəşri yayıb.

Vuçiçin sözlərinə görə, Aİ ilə danışıqların 31-ci fəsli çərçivəsində Serbiyadan indiki mərhələdə qurumun xarici siyasətinə tam uyğunlaşmaq tələb olunur.

“Bilirəm ki, siz bizi yaxın vaxtlarda Avropaya qəbul etməyəcəksiniz. Mənim üçün daha vacib olan Avropa İttifaqı ilə vahid bazarımızın olması, insanların, malların, kapitalın və xidmətlərin sərbəst hərəkətinin təmin edilməsidir”, – deyə Vuçiç bildirib.

O qeyd edib ki, Brüsselin irəli sürdüyü şərtlər Serbiyanın iqtisadi inteqrasiya imkanlarına da təsir göstərir.

“Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi Aİ-yə üzv olmamışdan əvvəl vahid bazara və açıq sərhədlərə çıxış üçün ilkin şərtə çevrilib”, – Vuçiç vurğulayıb.

Qeyd edək ki, Serbiya 2012-ci ildən Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusuna malikdir. Üzvlüklə bağlı danışıqlar isə 2014-cü ildən davam edir.

Vuçiç bu ilin iyulunda, hələ prezident vəzifəsində olarkən, Serbiyanın son beş ildə Aİ-yə üzvlük danışıqları çərçivəsində heç bir yeni fəslin açılmamasından narazılığını ifadə etmişdi.