BAKI, 13 oktyabr. TELEQRAF

“Ermənistan müxalifətinin Azərbaycanla sülh prosesi ilə bağlı ritorikası uduzmuş və uğursuz müxalifətin ritorikasıdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Araik Arutyunyan deyib.

“Sülh faktdır. Ermənistanın daxilində və ətrafında formalaşmış mühit, Ermənistanla həyata keçirilən beynəlxalq əməkdaşlıq, ölkə daxilində və ətrafında baş verən iqtisadi inkişaf da sülhün nəticəsidir. Qalanı isə müxalifətin yaratdığı saxta gündəlikdir”, - deputat bildirib.

Arutyunyan qeyd edib ki, uzun illər Ermənistanla Azərbaycan arasında düşmənçilik ən yüksək həddə olub:

“Tarixi reallıqlar və müxtəlif ölkələrin təcrübəsi göstərir ki, bu zirvə nöqtəsindən geri çəkilmək, daha neytral və müsbət ritorikaya qayıtmaq o qədər də asan deyil. Əbəs yerə demirik ki, sülh üçün zəmin yaratmaq lazımdır, ona qayğı göstərmək, qoruyub saxlamaq və təxribatlara uymamaq lazımdır. Biz özümüz də mətbuat konfransı keçirərək bir neçə saat ərzində bütün bu sülh prosesini darmadağın edə bilərik. Heç bir problem yoxdur, bu, ən asan işdir. Ən çətini sülhü qorumaq və yaşamaqdır. Biz bunu etməliyik”.

Arutyunyan vurğulayıb ki, Azərbaycan da sülhün dönməz fakt olduğunu deyir: “Ona görə də, vəziyyəti gərginləşdirmədən, normal dialoqla irəliləməliyik”.