BAKI, 17 may. TELEQRAF
Bu gün davamlı inkişafın məhz ərazilərdə və yerli səviyyədə formalaşması getdikcə daha aydın görünür. İnnovasiya və imkanlar da, eyni zamanda artan bərabərsizliklər və həssaslıqlar da məhz burada cəmləşir.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro Fratininin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında müraciətində qeyd olunub.
O qeyd edib ki, məhz bu anlayışdan çıxış edərək ortaq öhdəliklər gücləndirilməlidir:
“Çoxtərəfli idarəetmənin, Davamlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasının və davamlı inkişaf naminə siyasətlərin uzlaşdırılmasının 2030 Gündəliyinin və Yeni Şəhər Gündəliyinin əsas sütunları olduğunu bir daha təsdiqləməliyik. Bu elementlər birlikdə qlobal öhdəlikləri parçalanmadan çıxararaq vətəndaşlar üçün konkret nəticələrə çevirməyə imkan verir.
İqlim dəyişikliyindən mənzil böhranına, sosial bərabərsizliklərdən resursların davamlı idarə olunmasına qədər qarşılaşdığımız böyük çağırışlar yerli səviyyədə xüsusilə kəskin şəkildə özünü göstərir. Buna görə də yerli hakimiyyət orqanlarını inkişafın həmtəsisçiləri kimi qəbul etmək, onları inteqrasiya olunmuş yanaşmalar, təbiət əsaslı həllər, dairəvi iqtisadiyyat modelləri ilə təmin etmək vacibdir”.
O vurğulayıb ki, İtaliyanın yeni mənzil planı əlçatan yaşayış yerlərinin artırılmasına və dövlət mənzil fondunun bərpasına dəstək verməyi hədəfləyir:
“Şəhərlərin və regionların idarəetmə, bacarıq, məlumat və resurs potensialına investisiya yatırılması dəyişiklik üçün vacib şərtdir. Bu çərçivədə Milli Könüllü Hesabatlarla Yerli Könüllü Hesabatların inteqrasiyası yerli, milli və qlobal səviyyələr arasında uyğunluğu gücləndirmək və 2030-cu ildən sonrakı siyasətləri istiqamətləndirmək üçün strateji alət hesab olunur.
İtaliya və UN-Habitat tərəfindən birgə idarə olunan “Davamlı İnkişaf Məqsədlərilərin (SDG) Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması” vasitəsilə bu il öz Milli Könüllü Hesabatlarını təqdim edəcək ölkələri davamlı inkişafın və sistemli transformasiyanın əsas hərəkətverici qüvvəsi kimi SDG-lərin lokallaşdırılmasının əhəmiyyətinə dair ortaq bəyanata qoşulmağa dəvət etmişik.
Yeni Şəhər Gündəliyinin yenidən nəzərdən keçirilməsi prosesində mesajımız aydındır: çoxtərəfli idarəetməni gücləndirmək, SDG-lərin lokallaşdırılmasını təşviq etmək və davamlı inkişaf naminə siyasətlərin uzlaşdırılmasını təmin etmək üçün tərəfdaşlıq şəraitində çalışmalıyıq. İtaliya bu istiqamətdə öz töhfəsini verməyə hazırdır”.