BAKI, 15 may. TELEQRAF
Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi və Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən media ilə görüş çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax eksklüziv olaraq Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Sizi Türkiyədə görmək çox xoşdur. Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum ilə görüş keçirdiniz və əməkdaşlıq sənədi imzaladınız. Görüş zamanı hansı məsələlər müzakirə olundu, imzalanan anlaşmanın əsas məqamları nədən ibarətdir?
- Biz Türkiyənin İstanbul şəhərində yeni regional ofis yaradırıq. Bu, UN-Habitat üçün strateji baxımdan çox vacibdir. Bu ofis Şərqi Avropa və Mərkəzi Asiya regionunun hamısını əhatə edəcək. Ofis həmçinin Türkiyənin təcrübə və biliklərini qlobal fəaliyyətimizlə əlaqələndirməyə kömək edəcək. Xüsusilə sıfır tullantı istiqamətində, bu, UN-Habitat ilə Türkiyə arasında uzunmüddətli əməkdaşlığın bir hissəsidir.
Eyni zamanda, burada Hatayda gördüyümüz təcrübələr əsasında dayanıqlı şəhərlər və adekvat yaşayış məsələlərində də əməkdaşlıq edəcəyik. Bu ofis bizə regional ehtiyac və tələblərlə bağlı dəstək göstərməyə, məsləhətlər verməyə kömək edəcək və UN-Habitat üçün bilik mərkəzi rolunu oynayacaq.
- Türkiyəyə bu səfərinizdən sonra hansı təəssüratlarla ayrılırsınız və gələcək əməkdaşlıqla bağlı gözləntiləriniz nələrdir?
- Bu səfər Türkiyənin genişmiqyaslı, dayanıqlı və adekvat yaşayış layihələrini həyata keçirmək potensialını açıq şəkildə göstərir. Mən əvvəllər bu layihələr haqqında eşitmişdim və təqdimatlarla tanış olmuşdum, amma onları yerində görmək, tikinti standartlarını, memarlığı, ictimai məkanları, şəhərlə inteqrasiyanı, həmçinin iqlim və dayanıqlılıq standartlarını müşahidə etmək tam fərqli təsir bağışlayır. Xüsusilə sürət çox təsirlidir. Bütün bunlar cəmi üç il ərzində həyata keçirilib. Nəticələri birbaşa qarşınızda görmək həqiqətən təsiredicidir.

- Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu platformalarından biri - Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Bu tədbirin regional və qlobal miqyasda şəhərsalma, dayanıqlı inkişaf, iqlimədavamlılıq və ətraf mühit baxımından Azərbaycan üçün hansı strateji əhəmiyyət daşıdığını düşünürsünüz və necə qiymətləndirirsiniz?
- Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsindən məmnunluğumuzu ifadə edirik. Bu istiqamətdə indiyədək çox məhsuldar və səmərəli əməkdaşlıq qurulub, qarşıdan gələn forumun yüksək səviyyədə təşkil olunacağına inanırıq.
Artıq təxminən 30 min iştirakçının qeydiyyatdan keçməsi, çoxsaylı nazirlərin iştirakının təsdiqlənməsi və ilk dəfə olaraq liderlərin bir sammit çərçivəsində bir araya gəlməsi tədbirin miqyasını və əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, ekspertlər, akademik dairələr, maraqlı tərəflər və 400-dən çox tərəfdaşın iştirakı planlaşdırılır. Forum çərçivəsində yüzlərlə tədbir və sərginin təşkili nəzərdə tutulur.
Azərbaycanla sıx əməkdaşlıq şəraitində çalışırıq ki, Dünya Şəhərsalma Forumunun mahiyyəti və əsas mesajları tam şəkildə əks olunsun. Bu platforma şəhərsalma icmasının bir araya gəldiyi, təcrübə mübadiləsi apardığı, aktual çağırışları müzakirə etdiyi və şəhərlərin gələcəyinə dair qlobal dialoqu formalaşdırdığı mühüm beynəlxalq məkandır.
- Türkiyənin qarşıdan gələn COP31-ə ev sahibliyi prosesini necə qiymətləndirirsiniz? Bu prosesdə maraqlı tərəflərin roluna dair hansı məqamları xüsusilə vurğulamaq istərdiniz?
- Maraqlı tərəflərin prosesə cəlb olunması son dərəcə vacibdir. Dünən Türkiyənin COP çərçivəsində dayanıqlı urbanizasiya, aşağı karbon emissiyalı şəhərsalma və dayanıqlı şəhərlərlə bağlı müzakirələri dəstəklədiyini eşitmək məni çox sevindirdi. Bu məsələlərə xüsusi diqqət yetirilməsi olduqca müsbət yanaşmadır. Çünki bu istiqamətlər UN-Habitat-ın mandatı ilə birbaşa üst-üstə düşür və mən bunu çox yüksək qiymətləndirirəm.
UN-Habitat olaraq biz son dörd COP konfransı ərzində bu müzakirələrin təşviqinə dəstək vermişik. Milli hökumətləri, yerli və regional idarəetmə qurumlarını, alimləri, praktikləri və digər maraqlı tərəfləri bir araya gətirərək şəhər inkişafı ilə iqlim dəyişikliyi arasındakı əlaqələri müzakirə etmişik.
Bu məsələlər ətrafında kritik düşüncə və əməkdaşlıq mühitinin formalaşdırılması olduqca vacibdir. Hesab edirəm ki, COP31 çərçivəsində bu mövzuların gündəmdə saxlanılması əvvəlki COP-larda görülən işlərin daha da möhkəmləndirilməsinə töhfə verəcək. Maraqlı tərəflərin rolu burada fundamental əhəmiyyət daşıyır. Elmi ictimaiyyətin araşdırmalar və məlumatlarla prosesi dəstəkləməsinə, müşahidə etdikləri problemləri gündəmə gətirməsinə, eyni zamanda ortaya qoyduqları innovativ həlləri və imkanları paylaşmasına böyük ehtiyac var.
- Türkiyədə zəlzələlərdən sonra həyata keçirilən bərpa və yenidənqurma prosesini necə qiymətləndirirsiniz?
- Türkiyəyə səfər zamanı gördüklərimə və təqdimatlarda eşitdiklərimə əsasən deyə bilərəm ki, burada olduqca sürətli və genişmiqyaslı bir yenidənqurma prosesi həyata keçirilib. Bu proses çərçivəsində beynəlxalq səviyyədə paylaşılması və nümunə kimi təqdim olunması mümkün olan çox dəyərli təcrübələrin formalaşdığını düşünürəm.
- Türkiyənin daha iqlimədavamlı və dayanıqlı şəhər mühiti formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələri və atdığı addımlar barədə nə deyərsiz? Bu sahədə hansı təşəbbüsləri xüsusilə önəmli hesab edirsiniz?
- Mən burada gördüklərim əsasında danışa bilərəm. Mənzil məsələsinə verilən önəmi olduqca vacib hesab edirəm. UN-Habitat olaraq biz yaşayış məsələsini strateji planımızın mərkəzinə yerləşdiririk. Çünki düzgün mənzil siyasətinin ətraf mühitə və şəhərlərin davamlı inkişafına mühüm müsbət təsir göstərdiyinə inanırıq.
Məsələn, balanslı sıxlaşma prinsipi əsasında yaşayış məntəqələrinin qurulması və nəzarətsiz şəhər genişlənməsinin qarşısının alınması torpaq və təbii resursların qorunmasına töhfə verir. Bu da fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Burada həyata keçirilən strategiyalarda da həmin yanaşma ilə ciddi uyğunluq müşahidə etdim.

