BAKI, 24 noyabr. TELEQRAF

“İslam nikahında qadınlara hüquqlar verilib. Bu gün dövlət nikahından əlavə kəbin də kəsdirirlər. Kəbin kəsilərkən din xadimləri bu prinsiplərə riayət etməli, qadın və kişiyə hüquqlarını başa salmalıdırlar. Qadına həmin kəbində hansı hüquqların verildiyini izah etməlidirlər, ancaq etmirlər”.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Səadət Qəhrəmanova “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” adlı panel müzakirəsində deyib.

Paneldə iştirak edən İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə cavabında deyib:

“Ən azından bu zalda gördüyüm din xadimlərinin əməl etdiklərinə inanıram, çünki çox ziyalı din xadimlərimiz oturublar burada. Əminəm ki, onlar edirlər. Amma problemlər varsa, daha çox etməliyik. Nikah zamanı o hüquqlar qadına da, kişiyə də başa salınmalıdır. İstər dinimizin qadın və kişi münasibətlərindəki prinsipləri olsun istərsə də, peyğəmbərimizin qadınlara münasibəti. İslamda çox mübarək qəbul edilən xanımlar var.

Həzrət Xədicədən, məsələn, bəhs edirik, Həzrət Fatimə və digər xanımlardan. Onların nümunəsini insanlara izah etmək lazımdır ki, biz həmin mübarək insanlara necə böyük hörmət göstərir, onlara başımızın üstündə yer veririksə, xanımlarımız da onların davamçılarıdır. Xanımlarımıza da bu yeri verməliyik və eyni zamanda dinimizin, həmçinin adət-ənənəmizin xanımlara verdiyi dəyərləri aşılamalıyıq”.