BAKI, 6 oktyabr. TELEQRAF
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib.
Bu barədə Teleqraf-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüş zamanı Səbinə Əliyeva ölkəmizdə insan hüquqlarının müdafiəsi və təşviqi istiqamətində aparılan islahatlar, Ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə qonağa məlumat verib.
Ombudsman BMT-nin nizamnamə və müqavilə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu əlaqələrin insan hüquqlarının təbliği və təşviqi, hüquq mədəniyyətinin inkişaf etdirilməsi sahəsinə böyük töhfə verdiyini bildirib.
Müvəkkil insan hüquqlarının müxtəlif istiqamətləri üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsinin, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Dmitro Şlapaçenko qəbula görə Ombudsman Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu qeyd edib.