BAKI, 3 sentyabr. TELEQRAF

“Beynəlxalq Sülh və Rifah naminə TRUMP marşrutu”, (TRIPP marşrutu) kimi tanınan bağlantının inkişafı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələri daha da gücləndirə, Avropa ilə Asiya arasında daha geniş bağlantılara töhfə verə, regionun tranzit, logistika və investisiya potensialını artıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.

O bildirib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı avtomobil və dəmir yolu infrastrukturu layihələri həyata keçirir:

“Bu layihələr işğaldan azad edilmiş ərazilər daxilində bağlantıları gücləndirir, onları milli və beynəlxalq nəqliyyat şəbəkələrinə birləşdirir”.

Nazir əlavə edib ki, təkmilləşdirilmiş bağlantılar və infrastruktur, təhlükəsiz şəkildə istifadəyə verilmiş torpaqların mövcudluğu ilə birlikdə investisiyalar üçün də yeni imkanlar yaradır.